Yüklənir..
Tədbir haqqında

YARAT 5 gənc və perspektivli, ümumilikdə isə 16 Qazaxıstan rəssamının iştirak etdiyi “Qazaxıstan üzərində günəş və neonlar” adlı qrup sərgisini təqdim edir.
Qazaxıstan üzərində günəş və neonlar sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva və Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova (Creolex centr) kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə təzə fəaliyyətə başlayan rəssamlar – Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymenova, Aleksandr Ugay və Qayişa Madanovanın yeni yaradılmış əsərlərini bir araya gətirir.

Sərginin başlıca məqsədi, onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, əks və ya ifadə etməklə, milli tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Sərgi, müstəqilliyinin qısa zaman kəsiyində Qazaxıstanın milli və mədəni identikliyinin qurulması çərçivəsində baş verən dəyişiklikləri və fasilələri araşdırır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.

1930-cu illərdə dövlət quruculuğunun bir hissəsi kimi yaradılmış sovet incəsənət məktəblərdən sonra Qazaxıstanda təsviri sənətə maraq oyanmağa başladı. 1940-cı illərdə avanqard üslubuna müraciət edən (daha sonra, bu üslubdan imtina edən) bir çox sənət adamları Qazaxıstana sürgün edildi. Nəticədə, son dərəcə gözlənilməz, əsas etibarilə rəsmi sənədlərdə əks olunmayan fərqli düşüncəyə malik nonkonformist bədii sənət meydanı yarandı. Moskva və Leninqradın nonkonformist və konseptualist dairələri ilə sıx əlaqələrin olmasına baxmayaraq, sözügedən cərəyan, Qazaxıstanda 1950-ci illərdən başlayaraq 1990-cı illərin əvvəllərinə qədər davam etdi. 

Sovet İttifaqının süqutundan sonra, Qazaxıstanın sənət meydanında köklü dəyişikliklər yer almağa başladı. Bəzi rəssamlar öz mövqelərinə Mərkəzi Asiya diskursundan nəzər yetirməklə, konseptualist sənət cərəyanını davam etdirsələr də, nisbətən gənc nəslin nümayəndələri yeni özünüifadə dilinin axtarışında idilər. Həmin rəssamlar, milli və etnik bədii obrazın dirçəldilməsi, habelə milli identikliyinin (kimliyinin) qurulması kimi mütləq proseslər arasında təşəkkül tapmış postkolonial Mərkəzi Asiya ilə bağlı sualları qabardıblar. Rəssamlar provokasiya, yumor, istehza və romantizmdən istifadə etməklə, dövlət müstəqilliyi, yaxın keçmişin tarixi və sosial identikliyinə ünvanlanmaqla, autentiklik (əsillik) ritorikasında ziddiyyətli məqamları araşdırıblar.

1991-ci ildən etibarən, digər MDB ölkələri kimi Qazaxıstan da öz mədəni strukturunu köklü surətdə dəyişən müxtəlif sosial-iqtisadi dəyişikliklərə məruz qaldı. Sürətli inkişaf dövrü sayılan 2000-ci illərdə yetişən gənc rəssamlar nəsli, 1990-cı illərin “millətçi ruhunu” yaşamadıqlarına görə, öz ölkələrinin keçmişini və ya irsini “ideallaşdıra” bilmirlər. Bu, internet və sosial şəbəkələr haqqında hər şeyi bilən, onları əhatə edən məhdudiyyətlərə və ictimai quruluşlara qarşı çıxan yeni “şəhər uşaqları”dır. Onların qayğıları nisbətən fərdi xarakter daşıyır. Onların əsərləri, şəhər daxilində yaşanan qapalı həyatın illüziyaları və məyusluqları, ümidləri və ümidsizliklərindən qaynaqlanır.

Sərginin kuratoru: Björn Geldhof 
Kurator köməkçisi: Anna Fex
Tədqiqatçılar: Anna Fex, Suad Qarayeva, Björn Geldhof

Avrasiya Mədəniyyət Alyansının dəstəyi ilə

Sərginin müddəti: 7 iyun – 29 oktyabr 2017 
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 11:00–20:00 

Giriş sərbəstdir

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)